Azərbaycan təcrübəsində əmək mübahisələri və onların həlli yolları – 2

1.Əmək mübahisələrinin barışdırıcı yollarla həlli

Əmək mübahisələrinin barışdırıcı üsullarla həlli özündə əmək mübahisələrinin alterna tiv və məhkəmə yolu ilə həlli üsullarını ehtiva edir. Əmək mübahisələrinin alternativ barışdırıcı üsullarla həlli deyərkən müstəqil, tərəfsiz və dürüst bir üçüncü tərəfin aralarında fikir ayrılığı meydana gəlmiş tərəflərin görüşərək ortaq bir çıxış yolu tapmalarına çalışmasıdır. Üçüncü tərəf adətən aralarında mübahisə yaranan tərəflərə bu mübahisəni ya özlərinin həll etmələrinə, ya da məsələnin xüsusiyyətlərinə görə onlara konkret həll yolları təklif etməklə ortaq məxrəcə gəlmələrinə kömək edir. Əmək mübahisələrinin həllinə ça lışan bu üçüncü tərəf tamamilə könüllülük prinsipi əsasında işləyir. Həmçinin bu cür həll yollarından istifadə olunması mübahisə tərəflərinin istəyinə bağlıdır. Əmək müba hisələrinin alternativ barışdırıcı üsullarla həllinin digər xarakterik xüsusiyyəti ondan ibarətdir ki, üçüncü tərəfin təklif etdiyi tövsiyyələr mütləq icra xarakteri daşımır və prosesin sonunda mübahisə tərəfləri ortaq məxrəcə gələ bilmədikləri zaman yenə də məhkəməyə müraciət edə bilərlər. Əmək mübahisələrinin bu cür həll yollarına ona görə alternativ həll yolları deyilir ki, onlar əsas həll yolu hesab edilən məhkəmə yoluna alternativ həll yollarıdır [6, səh. 19]. Aşağıda həm fərdi, həm də kollektiv əmək mübahisələrinin bəhs olunan bu iki barışdırıcı üsullarla həll yolları ayrı-ayrılıqda verilmişdir.

1.1. Fərdi əmək mübahisələrinin barışdırıcı üsullarla həll yolları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində fərdi əmək mübahisələrinin həlli məqsədilə həm alternativ, həm də əmək arbitrajı üsullarından istifadəyə yer verilmişdir. Aşağıda fərdi əmək mübahisələrinin həlli nöqteyi nəzərindən bu həll yolları ayrı-ayrı lıqda şərh edilmişdir.

1.1.1. Fərdi əmək mübahisələrinin alternativ barışdırıcı üsullarla həlli

Azərbaycan Respublikasının qanunvericiliyində fərdi əmək mübahisələrinin alternativ barışdırıcı üsullarla üç [1, maddə 294.1; 294.2; 294.3 və 7, maddə 1; 2; 3] həll yolu göstərilmişdir. Bunlar;

a) müəssisədə kollektiv müqavilələrdə nə- zərdə tutulduğu təqdirdə, həmkarlar ittifaqları komitələri nəzdində əmək mü- bahisələrinə baxan xüsusi orqanın yara dılması;

b) əmək müqaviləsilə nəzərdə tutulan həll yolları;

c) Dövlət Əmək Müfəttişliyi Xidməti vasitəsilə həll yollarıdır.

Müəssisədə kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə, həmkarlar ittifaqları komitələri nəzdində əmək mübahisələrinə baxan xüsusi orqanın yaradılması vasitəsi: Əmək mübahisələri üzrə həmkarlar ittifaqları komitələrinin nəzdində xüsusi orqanın yaradılması müddəası qanunvericiliklə mütləq sayılmamışdır. Başqa sözlə, imperativ norma xarakteri daşımır. Belə orqanların yaradılması işəgötürənlə əmək kollektivinin qarşılıqlı razılığı ilə və kollektiv müqavilədə nəzərdə tutulduğu hallarda baş verə bilər. Ancaq təəssüflər olsun ki, Azərbaycan Respub likasının Əmək Məcəlləsində belə bir orqanın formalaşdırılması, tərkibi, səlahiyyətləri, onun qərarlarının qüvvəsi ilə bağlı müddəalara yer verilməmişdir. Lakin bununla belə bu cür orqanlar fəaliyyət göstərdiyi halda əmək mübahisəsinə başlayan işçi öz istəyi ilə məhkəməyə deyil, bu orqana müraciət edə bilər. Əgər işçi bu orqana müraciət edərsə, onda məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərədə tutulan prosessual müddətlər bir aydan üç ayadək artır. Əgər həmkarlar ittifaqları komitələrinin nəzdində yaradılan bu orqanın qərarından işçi və ya işəgötürən razı qalmazsa, onda tərəflər məhkəməyə müraciət hüququndan istifadə edə bilərlər. Beləliklə, hətda əmək kollektiv lərində bu cür orqanlar mövcud olsa belə onun qərarı son qərar deyildir və həm işçi, həm də işəgötürən tərəfindən fikir ayrılığı mübahisələndirilə bilər. Bu isə əmək mübahisəsinin həllinin ləngiməsi ilə nəticələnə bilər. Təsadüfi deyildir ki, təcrübədə əmək mübahisələrinin bu formada həll edilməsi hallarına rast gəlinmir.

Bu cür orqanların yaradılmasıyla bağlı həm işəgötürən, həm də əmək kollektivi və ya onun adından çıxış edən həmkarlar ittifaqı təşəbbüs irəli sürə bilər. Əgər belə bir təşəbbüslə əmək kollektivi və ya onun adından çıxış edən həmkarlar ittifaqı çıxış edərsə, onda təşəbbüs edən tərəf kollektiv danışıqlara başlamalı və bu cür orqanın yaradılmasına dair müddəanı kollektiv müqaviləyə daxil etməlidir. İşəgötürən və əmək kollektivi həmkarlar ittifaqları komitələrinin nəzdində fəaliyyət göstərəcək bu orqanın yaradılması şərtlərini, onun səlahiyyətlərini birbaşa kollektiv müqaviləyə də daxil edə bilərlər. Nümunə üçün deyə bilərik ki, Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasında belə bir orqan “Əmək mübahisələri üzrə komissiya” adı altında fəaliyyət göstərir. Federasiya tərəfindən komissiyanın əsasnaməsi də hazırlanmışdır. Əmək Mübahisələri üzrə Komissiya adı altında fəaliyyət göstərən bu cür orqanların müsbət və mənfi tərəfləri vardır. Müsbət cəhəti ondan ibarətdir ki, işəgötürənlə işçi arasında başlanmış fərdi əmək mübahisəsi müəssisədən kənara çıxmır və işəgötürənin nümayəndələrinin iştirakı ilə həll edilir. Mübahisənin bu şəkildə həlli sonradan işəgötürənlə işçi arasında münasibətlərin normallaşmasına gətirib çıxarır. Komissiyanın fərdi əmək mübahisələrin həlli zamanı zəif tərəfi isə ondan ibarətdir ki, bütün hallarda belə komissiyalar paritet əsaslarla yaradılır və bir qayda olaraq işəgötürəni neçə nəfərin təmsil etməsindən asılı olmayaraq onlar vahid səslə çıxış edir və işəgötürənin iradəsinə uyğun hərəkət edirlər. Bu isə mübahisənin həllini düyünə salır və nəticədə işçi komissiyanın qərarını tanımır və məhkəməyə müraciət edir. Belə olan halda da işçilər hətda belə komissiyaların fəaliyyət göstərdiyi müəssisələrdə belə bu mexanizm dən həvəslə istifadə etmirlər və birbaşa məhkəməyə müraciət edirlər. Bu isə bu cür orqanların fəaliyyətindən umulan səmərəni vermir və gərəksiz bir qurum halına gəlməsinə səbəb olur. Əmək müqaviləsilə nəzərdə tutulan həll yolları: Əslində Əmək Məcəlləsinin “Əmək müqaviləsinin məzmunu” adlı 43-cü maddəsində fərdi əmək mübahisələrinin Əmək Məcəlləsində nəzərdə tutulmayan yollarla həll olunmasına dair hər hansı bir bənd yoxdur. Sadəcə bu maddənin “tərəflərin müəyyən etdiyi əlavə şərtlər”adlı “ğ” bəndini əsas tutaraq belə bir üsul əmək müqaviləsinə daxil edilə bilər. Lakin bununla belə fərdi əmək mübahisələrinin bu cür yollarla həll edilməsinin üç əsas şərti vardır:

a) Bunlardan birincisi, nəzərdə tutulan bu həll yollarının əmək müqaviləsində yer almasıdır.

b) İkincisi, bu üsulların əmək mübahisələrinin Əmək Məcəlləsi ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olması zərurətidir.

c) Üçüncüsü isə bunların, tərəflərin hüquq bərabərliyi prinsipini və Əmək Məcəlləsilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan bir həll yolu olması məcburiyyətidir.

Dr. Xəqani Bəşirov

 

922dəfə baxılıb,2bu gün