Azərbaycan təcrübəsində əmək mübahisələri və onların həlli yolları – 1

Azərbaycan Respublikasının qanunvericiliyində əmək mübahisələrinin ümumi şəkildə verilmiş bir tərifi yoxdur. Ancaq Əmək Məcəlləsində mövzu ilə bağlı verilən məvhumların anlayışlarından əmək mübahisələrinin əmək müqaviləsinin, kollektiv müqavilənin və yaxud kollektiv sazişin bağlanması, onlara dəyişiklik edilməsi və icrası, digər müvafiq qanunvericilik aktlarının tətbiqi zamanı, habelə əmək, sosial və iqtisadi məsələlərlə bağlı fərdi qaydada işəgötürənlə işçi arasında, həmçinin işçilərin, ya da həmkarlar ittifaqları orqanının işəgötürən, onların birlikləri və ya müvafiq icra hakimiyyəti orqanları qarşısında irəli sürdüyü tələblərdən törəyən fikir ayrılıqları kimi ifadə edə bilərik. Yenə Əmək Məcəlləsinə görə əmək mübahisələri fərdi və kollektiv əmək mübahisələri olmaqla iki formada qarşımıza çıxır. Fərdi əmək mübahisəsi, əmək müqaviləsinin, kollektiv müqavilənin, sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır [1, maddə 3.16; 287]. Fərdi əmək mübahisələrində iki tərəf vardır; tərəflərdən biri işəgötürən, digəri isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada işçinin müvəkkil etdiyi şəxsdir [1, maddə 289]. Fərdi əmək mübahisəsi, hazırda işəgötürənlə əmək münasibətində olan, fərdi əmək mübahisəsinədək işəgötürənin əmək münasibətində olduğu və işə qəbul olunmaq üçün müraciət etmiş şəxs arasında baş verə bilər [3, səh. 6]. Fərdi əmək mübahisələrinin predmetini aşağıdaki məsələlərin [1,maddə 288] tənzimlənməsi zamanı yaranan fikir ayrılıqları təşkil edir. Bu cür əmək mübahisələri, işçi ilə işəgötürən və ya onun rəsmi təmsilçisi arasında aşağıda göstərilən səbəblərdən biri və ya bir neçəsi mövcud olduqda başlaya bilər:

a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdi rilməsi,

b) əmək normalarının,həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi,

c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi,

d) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi,

e) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi,

f) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması,

g) məzuniyyət hüququnun həyata keçirilməsi,

h) intizam tənbehi verilməsi,

i) əməyin mühafizəsinin təşkili və təmin edilməsi,

j) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi, k) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi,

l) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi,

m) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması,

n) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi,

o) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi,

p) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.

Göstərilən bu səbəbləri ümumiləşdirməli olsaq, təcrübədə işəgötürənlə işçi arasındakı fərdi əmək mübahisələrini aşağıdaki şəkildə qruplaşdırmaq olar [3, səh 7-11]:  İşə qəbul, işdə vəzifə və ya ixtisas və ya peşə üzrə dərəcənin və ya vəzifənin artırılması zamanı yaranan fərdi əmək mübahisələri,

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yaranan fərdi əmək mübahisələri,

Tərəflərin birinin digərinə vurduğu zərərlə bağlı fərdi əmək mübahisələri. Hər bir şəxsin öz pozulmuş və ya pozulması ehtimal olunan əmək hüquqlarının bərpası məqsədi ilə fərdi qaydada əmək mübahisəsinə başlamaq hüququ vardır. İşçi fərdi əmək mübahisəsinə özü və ya qanunvericiliyin müəyyən etdiyi qaydada vəkil etdiyi şəxs vasitəsi ilə başlaya bilər. Qanunvericiliyə görə fərdi əmək mübahisəsinə işçinin işlədiyi vaxtdan kənar zamanda baxılır. Bununla belə mübahisəyə işçinin işlədiyi vaxt ərzində baxıldıqda onun həm əsas, həm də əlavə iş yerində əmək haqqı saxlanılmalıdır [1, maddə 293]. Kollektiv əmək mübahisəsi isə, kollektiv müqavilələrin, sazişlərin bağlanması, onlara dəyişikliklərin edilməsi və icrası, habelə digər əmək, sosial və iqtisadi məsələlərlə bağlı işçilərin, ya da həmkarlar ittifaqları orqanının işəgötürən, onların birlikləri və ya müvafiq icra hakimiyyəti orqanları qarşısında irəli sürdüyü kollektiv tələblərdən törəyən fikir ayrılıqları kimi müəyyən edilmişdir. Kollektiv əmək mübahisələri kollektiv tələblərdən meydana gələn əmək mübahisələridir. Azərbaycan Respublikasının əmək qanunvericiliyinə görə isə kollektiv tələblər, kollektiv müqavilə və kollektiv sazişlər vasitəsilə irəli sürülə bilər [1, maddə 3.14; 3.15]. Buna görə də kollektiv müqavilə və ya kollektiv saziş vasitəsilə irəli sürülməsindən asılı olaraq kollektiv tələblərdən meydana gələn kollektiv əmək mübahisələrində tərəflər ikiyə ayrılır. Kollektiv müqavilələrdən meydana gələn kollektiv əmək mübahisəsinin tərəfləri olaraq işəgötürənlər, işçilər (əmək kollektivi və ya onun bir hissəsi) və ya həmkarlar ittifaqları iştirak edirlər [1, maddə 261.1]. Kollektiv sazişlərlə bağlı meydana gələn əmək müba hisələrində isə tərəf qismində həmkarlar ittifaqlarının, işəgötürənlərin birlikləri və müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər. Baş kollektiv sazişlə bağlı mübahisələr üzrə müvafiq icra hakimiyyəti orqanı statusunda Azərbaycan Respublikasının Nazirlər Kabineti; sahə (tarif) kollektiv sazişləri ilə bağlı mübahisələr üzrə Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri; ərazi (rayon) kollektiv sazişləri ilə bağlı mübahisələr üzrə isə yerli icra hakimiyyəti orqanları çıxış edir [1, maddə 261.3]. Kollektiv əmək mübahisələrinin predmetini aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan əmək mübahisələri təşkil edir [1, maddə 260.1]:

a) kollektiv müqavilələrin və sazişlərin bağlanması üçün danışıqların aparılması,

b) kollektiv müqavilələrin və sazişlərin bağlanması,

c) qüvvədə olan kollektiv müqavilələrə və ya sazişlərə dəyişikliklərin, əlavələrin edilməsi,

d) kollektiv müqavilələrin və sazişlərin icrasının təmin edilməsi,

e) kollektiv üzvlərinin mənafelərinin təmin olunması üçün digər əmək və sosial, iqtisadi məsələlərin həll edilməsi.

Əmək mübahisələrinin barışdırıcı və mübarizə üsulları ilə həlli qaydaları və prosedurları aşağıda fərdi və kollektiv formada olmaqla ayrı-ayrı paraqraflarda ətraflı araşdırılmışdır.

  •  Əmək mübahisələrinin həlli yolları Azərbaycan Respublikasının qanunvericiliyində həm fərdi, həm də kollektiv əmək mübahisələrinin həlli üçün iki yol müəyyən olunmuşdur. Bunlardan biri barışdırıcı, digəri isə mübarizə və gücə dayanan həll yollarıdır [1, maddə 264; 294; 295]. Aşağıda bu yollarla əmək mübahisələrinin həlli qaydaları və prosedurları ayrı-ayrılıqda araşdırılmışdır. Əmək mübahisələrinin barışdırıcı yollarla həlli Əmək mübahisələrinin barışdırıcı üsullarla həlli özündə əmək mübahisələrinin alterna tiv və məhkəmə yolu ilə həlli üsullarını ehtiva edir [4, səh. 5]. Əmək mübahisələrinin alternativ barışdırıcı üsullarla həlli deyərkən müstəqil, tərəfsiz və dürüst bir üçüncü tərəfin aralarında fikir ayrılığı meydana gəlmiş tərəflərin görüşərək ortaq bir çıxış yolu tapmalarına çalışmasıdır. Üçüncü tərəf adətən aralarında mübahisə yaranan tərəflərə bu mübahisəni ya özlərinin həll etmələrinə, ya da məsələnin xüsusiyyətlərinə görə onlara konkret həll yolları təklif etməklə ortaq məxrəcə gəlmələrinə kömək edir. Əmək mübahisələrinin həllinə ça lışan bu üçüncü tərəf tamamilə könüllülük prinsipi əsasında işləyir. Həmçinin bu cür həll yollarından istifadə olunması mübahisə tərəflərinin istəyinə bağlıdır. Əmək müba hisələrinin alternativ barışdırıcı üsullarla həllinin digər xarakterik xüsusiyyəti ondan ibarətdir ki, üçüncü tərəfin təklif etdiyi tövsiyyələr mütləq icra xarakteri daşımır və prosesin sonunda mübahisə tərəfləri ortaq məxrəcə gələ bilmədikləri zaman yenə də məhkəməyə müraciət edə bilərlər [5,səh.31]. Əmək mübahisələrinin bu cür həll yollarına ona görə alternativ həll yolları deyilir ki, onlar  əsas həll yolu hesab edilən məhkəmə yoluna alternativ həll yollarıdır [6, səh. 19]. Aşağıda həm fərdi, həm də kollektiv əmək mübahisələrinin bəhs olunan bu iki barışdırıcı üsullarla həll yolları ayrı-ayrılıqda verilmişdir.

(Davamı ikinci hissədə yayımlanacaq)

Dr. Xəqani Bəşirov

ƏDƏBİYYAT

1. 618-IQ Saylı Azərbaycan Respublikasının Əmək Məcəlləsi. (İstifadə) http://www.e-qanun.az/co de/7#, 15 oktyabr 2015.

2. Azərbaycan Respublikasının Konstitusiyası. (İstifadə) http://www.e-qanun.az/framework/897, 14 oktyabr 2015.

3. Sahib Məmmədov, Fərdi əmək mübahisələri, Bakı, 2011. (İstifadə) file:///C:/Documents%20an d%20Settings/muellim/My%20Documents/Dow nloads/Ferdi_Emek_Mubahiseleri_.pdf, 15 oktyabr 2015.

4. International Training Center of the International Labour Organization. Labour Disputes Systems: Guidelines for Improved Performance, Firts Edi tion, Turin/Italy, Viale maestri del Lavoro, 2013.

5. Alper Bulur. Alternatif Uyuşmazlık Çözüm Yolları ve Arabuluculuk Yöntemi. Ankara Barosu Dergisi. Buraxılış 65, № 4, s. 31, 2007. (İstifadə) http://www.ankarabarosu.org.tr/Siteler/1944-20 10/Dergiler/AnkaraBarosuDergisi/2007-4.pdf, 23 noyabr 2013.

6. Alp Limoncuoğlu. Bireysel İş Uyuşmazlıkları ve Çözüm Yolları Sempozyumu. “Karşılaştırmalı Hukukta Bireysel İş Uyuşmazlıklarının Alterna tif Çözüm Yolları”, İzmir, Mart 2013, s. 19.

1055dəfə baxılıb.