Karyeramızı necə planlayırıq?

Bir neçə il əvvəl televiziya kanallarından birisi investisiya istiqamətlərinin araşdırmasını edərək ən ideal sahəni xəbərlər proqramında təqdim etmişdi. Statistik sorğulara əsasən üç istiqamət ön plana çıxmışdı. Bunlar qızıl, xarici valyuta və təhsil idi. Onların arasında ən çox reytinqə malik olan isə təhsil olmuşdu. Yəni ən risksiz investisiya səhəsi olmaqla yanaşı ən perspektivli sahə olaraq da yenə ilk pillədə yer almışdı. Bəs fərdi olaraq bu qədər önəmli olan sahəyə yəni karyera planlamamıza nə qədər önəm veririk?

Bir çoxumuz ali təhsilimizi tamamlayıb iş həyatına addım atırıq. Müəyyən bir sahə üzrə çalışmağa başlayırıq. Amma iş bununla bitmir. Həmin sahədə daha da inkişaf etmək, bilik və bacarıqlarımızı təkmilləşdirmək üçün araşdırmalar etməli, daim öyrənməliyik. Yəni karyera planlaması etməliyik. Karyera planımıza uyğun olaraq da özümüzü inkişaf etdirməliyik. Tanıdığım bir çox əcnəbi mühəndis bakalavr təhsilini tamamladıqdan sonra bir neçə il həmin sahə üzrə işləyir. Müəyyən müddət sonra isə həmin sahəni daha da mükəmməl öyrənmək istədiyi üçün magistratura təhsili alır və ya həmin istiqamətdə professional mütəxəssislər tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək lazımi biliklərə yiyələnirlər. Belə olduqda həmin peşəni daha da dərindən öyrənmək imkanınız olur. Bəs ixtisasla bağlı təlimlərə nə qədər önəm veririk? Qarşılaşdığım bir hadisəni sizlərlə paylaşım: Planlama təlimində iştirak etmək istəyən bir mühəndis mənə yazdığı elektron məktubda təlimlərin təşkilini müsbət qiymətləndirdiyini amma, ödənişli olduğuna görə məyus olduğunu, məhz bu səbəbdən də fikrindən daşındığını bildirmişdi. Açığını desəm gənc bir mühəndisin bu fikirdə olmasına çox da təəccüblənmədim. Sadəcə olaraq ondan siqaret çəkib-çəkmədiyini, əlavə olaraq isə bu barədə bir neçə sual soruşdum. Cavabında mənə yazdığı günlük istifadə etdiyi siqaretin miqdarı və markasından qiymətini hesabladıqda aylıq bu təlimin qiymətinə yaxın təkcə siqaretə pul xərclədiyinin şahidi oldum. Hər ay sağlamlığımıza zərər vuran siqaretə heç düşünmədən, hesablamadan bir təlimin ödənişi qədər pul xərcləyirik. Bəs heç olmasa altı ayda bir dəfə də olsa bu məbləği gələcək karyeramıza niyə ayırmaqdan imtina edirik?

Müşahidələrim zamanı bəzi insanların ümumiyyətlə təlimlərə marağının olmadığını, indiyədək də heç ixtisasla bağlı təlimlərdə iştirak etmədiyini gördüm. Təlim bir ixtisasın özəti deməkdir. Bəlkə də bir ixtisasın dərinliklərini öyrənmək üçün dörd il bakalavr təhsili alırıq. Ondan sonra magistratura pilləsində bir neçə il daha öyrənirik ki həmin sahə üzrə biliklərimizi artıraq. Nəticə etibarilə ən az beş il vaxtımız gedir. Təlimdə iştirak etdikdə isə beş ildə öyrənəcəyimizin özətini bir neçə gündə öyrənmiş oluruq. Həm də illərlə həmin sahədə təcrübəsi olan mütəxəssislərdən. Unutmamaq lazımdır ki, karyeramızda daim yüksəlmək istəyiriksə daim özümüzü həm təcrübə yönündən, həm də tədris yönündən inkişaf etdirməliyik. Bu plan hər zaman edilməlidir. Amerikalı yazıçı Tom Peterin maraqlı bir sözü vardı: Əgər işləriniz istədiyiniz kimi gedərsə, təhsil xərclərinizi iki qat artırın. Əgər işləriniz istədiyiniz kimi getməzsə, onda təhsil xərclərinizi dörd qat artırın.

                                                                                                       Seymur Ilyasov

810dəfə baxılıb.