Üçölçülü çapetmənin (3D Printing) istifadəsi (1)

Hələ 1984-cü ildə ilk Makintosh kompyuteri şəxsi istifadə üçün təqdim olunanda hər kəs bunun nə işə yarayacağı haqqında düşünürdü. Amma vaxt göstərdi şəxsi kompyuterlər bir çox sahələrdə köklü dəyişikliklər gətirdi. İndi də eyni şeyi 3D – Üçölçülü istehsalat texnologiyası haqqında demək olar. CAD proqramı vasitəsiylə hazırlanmış dizayn üçölçülü çapetmə maşınına yüklənir. Maşın isə öz növbəsində kiçik zərrəciklər vasitəsiylə məhsulu qat-qat çap etməyə başlayır. Bu yolla çox mürəkkəb quruluşa malik olan məhsulları daha sürətli və ucuz istehsal etmək olur.

Məsələn, Kanada şirkəti Urbee adlı şəhərdaxili minik maşınını bu üsulla istehsal edib. Maşın tamamiylə alternativ enerjiylə işləyir və istehsal prosesində əsasən 3D texnologisından istifadə olunub. Bütün xarici və daxili hissələr üçölçülü maşınlarda çap olunub (sağdakı şəkil).

Britaniyanın 3T RPD şirkətiysə eyni texnologiyadan istifadə edərək yarış maşınları üçün ötürücü qutu çap edib. Üstünlük isə odur ki, ötürmə daha tez baş verir və ötürücü qutunun çəkisi 30% daha yüngüldür. Bu isə yarış maşınları üçün böyük fərqdir. Eyni səbəbdən Boeing F-18 qırıcılarında da bir sıra hissələr bu üsulla istehsal ounur. Amerikanın GE (General Electric) şirkətiysə bu texnologiyanı daha ciddi qəbul edərək təyyarə motorundakı bəzi hissələri istehsal edib. İlk dəfə olaraq bu hissələr 2016-ci ildə LEAP motorlarında istifadə edilib. Artıq şirkət bu motor üçün Boeing və Airbus təyyarə istehsalçılarından 4,000 ədəd sifariş də qəbul edib.

Digər sənaye sahələri də 3D texnologiyasının imkanlarından geniş şəkildə yararlanır. Artıq bir çox zinət əşyaları, ayaqqabılar, elektronik məhsullar bu yolla istehsal olunur. Məsələn, telefon istifadəçiləri veb-saytdan istifadə edərək mobil telenfoları üçün müxtəlif dizayında, rəgnlərdə qoruyucu örtüklər hazırlaya bilər. Model saytda hazırlanandan sonra istehsalçı fabrikə göndərilir və bir neçə gün ərzində çap edilərək, müştərinin evinə çatdırılır. Beləliklə də, müştərilər öz məhsullarını dizayn etmək fürsəti qazanır.

Bu metod yayıldıqca onun imkanları da artır. Əgər əvvəllər ancaq plastik materialları çap etmək olurdusa, artıq dəmir, poladın müxtəlif növlərindən tutmuş şüşəyə kimi bir çox materialları 3D vasitəsiylə istehsal etmək olur.

Hətta şəxsi istafadəçilər də 3D maşınları alaraq evdə istədikləri məhsulları istehsal edə bilərlər. Cube şirkəti bu cür printerləri təxmini 1000 AZN-yə satır. Printer müxtəlif rənglərdə plastik materialla doldurulmuş kartriclə işləyir. 15 sm-lik bir məhsulu istehsal etmək üçün təxmini 2-3 manatlıq plastik material işlədir. Maraqlıdır ki, bu cür evdə işlədilə biləcək 3D maşınlarının satışı çox sürətlə artır. Məsələn, 2011-ci ildə 24,000 bu cür cihaz satılmışdır.

646dəfə baxılıb.