Oyun oynamaqla xərçəng tədqiqatçılarına kömək et

 

Artıq bir müddətdir ki, mobil telefonunda oyun oynamaqla xərçəng tədqiqatçılarına kömək etmiş oluruq. Söhbət Böyük Britanıyanın Xərçəng Araşdırma Mərkəzinin Google, Amazon və Facebook kimi tanınmış internet şirkətləriylə birgə yaratdığı Genes in Space (kosmosdakı genlər) oyunundan gedir. Oyunun məqsədi ancaq əyləncə yox, həmçinin xərçəng xəstəliyinin araşdırması üçün toplanmış böyük həcmdə informasiyanın analiz olunmasıdır.

İş ondadır ki, bir neçə illlərin araşdırmaları nəticəsində tədqiqatçılar böyük miqdarda data toplayıblar. Bu məlumatlar xərçəngə yoluxmuş hüceyrələrin davranışı, müxtəlif dərmanlara və müalicələrə reaksiyası və s. haqqındadır. Ancaq kompyuterlər onu tam analiz etmək gücündə deyil və çox vaxt yalnız insan gözü ilə görülə biləcək proseslər yerinə yetirilməlidir. Problem isə ondadır ki, bu iş çoxlarımız üçün darıxdırıcı və yorucu görünür. Həmçinin tədqiqatçıların azlığı bu prosesin illərlə uzanacağına gətirib çıxarır.

Buna görə də, bir qrup kompyuter mühəndisi tədqiqatçılarla birgə işləyərək bu prosesi daha əyləncəli etmək və eyni zamanda elmi biliyi olmayan insanları da cəlb edib, onların adi biliklərindən oyun vasitəsiylə istifadə edərək mürəkkəb datanın analiz olunmasına nail olublar.

Digər bir tərəfdən, onsuzda insanlar kompyuter oyunlarına çox vaxt istifadə edirlər. Məsələn, Dr. McGonigal-in hesablamalarına görə Wikipedianın hazırlanması təxmini 8 il və ya 100 milyon saat çəkib, ancaq bir həftə ərzində ən çox yayılan World of Warcraft oyununu oynayanlar 200  milyondan çox saat sərf edib. Düşünsək ki, həmin insanlar oxşar oyunları oynamaqla cəmiyyət üçün daha faydalı problemlərin həllinə yardım etmiş olacaqlar onda bu cür oyunların yaxın zamanlarda artacağını ehtimal etmək olar.

Nəzərinizə çatdıraq ki, bir neçə bu cür oyunlar artıq internet aləmində mövcuddur. Məsələn, CSA (Citizen Science Alliance) bu sahədə lider şirkətlərdən biridir.  Galaxy Zoo onların təqdim etdikləri ən geniş yayılan təşəbbüslərdən biridir. Bu oyun istifadəçilərdən qalatikaların morfoloji (ölçülərinə görə) təsnifatlandırılmasına yardım etmək məqsədiylə təqdim olunmuşdur. Digər bir oyun isə ABŞ-ın Massachusetts Instituteof Technology universitetində göz retinasındakı neyronların izlənilməsi üçün təqdim olunmuş EyeWire oyunudur.

Kompyuter mühəndisi və biokimya mühəndisi tərəfindən icad olunmuş Foldit oyunu isə tədqiqatçılar tərəfindən 10 ildən çoxdur ki həll oluna bilməyən zülal quruluşu problemini 3 həftədən az müddətə elmi biliyi olmayan insanların köməyiylə həll edib. 2011-ci ildə bu ixtira haqqında yazarkən Nature Structural & Molecular Biology jurnalı (Təbiətin Struktur & Molekulyar Biologiyası) qeyd edir ki, bu elm aləmində ilk dəfədir ki, elmi tədqiqatçı olmayan insanlar uzun müddətdir həll oluna bilməyən bir problemin çözümünü tapır.

 

 

1916dəfə baxılıb.