Yeni araşdırma bir daha Qlobal İstiləşmənin olduğunu sübut edir

Artıq neçə illərdir ki, Qlobal İstiləşmə haqqında elmi dairələrdə bir çox müzakirələr gedir. Çoxunluq iqlim dəyişikliyini, okeyanların səviyyəsinin artmasını və s.misal gətirərək iddia edir ki, həqiqətən son yüzilliklərdə Yer kürəsində müşahidə olunan ortalama temperatur qismən artıb. Qarşı tərəf isə iddia edir ki, bu cür iqlim dəyişiklikləri Yer kürəsi mövcud olandan olub və bu normal bir haldır.

Məsələni qəlizləşdirən məqam isə odur ki, dünyada temperaturun davamlı olaraq ölçülməsi ancaq 19-cu əsrin sonlarından başlamışdır.Bu da bu dövrdən əvvəlki illərdə temperaturun necə olduğu haqqında qəti fikir söyləməyi mümkünsüz edir. Amma alimlər digər üsullardan istifadə edərək yüz illlər əvvəl temperaturun necə olduğu haqqında araşdırmalar edirlər. Məsələn, alimlər qütb bölgələrindəki buz dənəciklərinin strukturuna baxaraq onun hansı havada və temperaturda kristallaşdığını deyə bilərlər. Eyni yolla mərcanları, mağaralar, göl və okean çöküntülərindəki mineral yataqları və həmçinin üzüm yığımı tarixlərini öyrənnməklə yüzillər əvvəl iqlimin necə olduğunu təxmin etmək olar.

Bu kimi 173 qaynaqları öyrənərək tədqiqatçılar Paleo İndeksini tərtib ediblər. Sonra bu indeksdəki temperaturlar MLOST-la (1880-ci ildən bəri edilən əsl temperatur ölçüləriylə) müqayisə edilmişdir. Nəticələr sağdakı diaqramda qeyd olunub. Asanlıqla görmək olur ki, Pİ-in nəticələri MLOST-a çox yaxındır. Bu da yer kürəsində həqiqətən də istiləşmənin baş verdiyini sübut edir.

Tədqiqatçılar eyni zamanda qeyd edirlər ki, istiləşmənin ilk izləri 1800-ci illərə təsadüf edir. Bu da sənaye inqilabının başladığı illərdir. Bu o deməkdir ki, iqlim dəyişikliyi təbii proses yox, insanların ətraf mühiti daha çox çirkləndirməsi, təbiət qanunlarını pozması və sairin nəticəsi olaraq meydana gəlib.Ona görə də, bütün ölkələr təbiətin bərpa olunması və daha az çirkləndirilməsi üçün dövlət proqramları irəli sürməli və alternativ enerjidən istifadəni daha da intensivləşdirməlidirlər.

Qeyd edək ki, Qlobal İstiləşmənin mövcudluğu NOAA və NASA tərəfindən də aparılan araşdırmalar nəticəsində sübut olunmuşdur. BEST tərəfindən aparılan ən son araşdırmanın nəticəsinə görə isə yer kürəsində ortalama temperatur son 50 ildə 0.91 dərəcə Selsi artmışdır.

http://www.forbes.com/sites/alexknapp/2013/02/21/new-study-shows-independent-evidence-of-global-warming/

615dəfə baxılıb.