Ronaldo Oynaya Bilmir, Yoxsa Siz Düzgün Dəyərləndirə Bilmirsiniz?

Ronaldo Oynaya Bilmir, Yoxsa Siz Düzgün Dəyərləndirə Bilmirsiniz?

Uzun müddətdir tanıdığım bir müəssisə rəhbəri, çalışdığı müəssisəyə satışları artırmaq üçün yüksək səviyyəli bir mütəxəssis cəlb etdiyini bildirmişdi. İxtisasca mühəndisdir və xaricdə təhsil alıb. İş təcrübəsi də kifayət qədər var. Amma nə səbəbdəndir bilmirəm dörd aydır bizim müəssisədə çalışmasına baxmayaraq satış həcmində elə də bir dəyişiklik olmayıb. Açığını desəm çox böyük ümidlərlə heyətə cəlb etdiyim bu mütəxəssisdən gözlədiyim effekti ala bilmədim. Düşünürəm ki, onun yerinə daha fərqli bir mütəxəssis cəlb etsəm daha yaxşı olacaq dedi.

Aradan qısa bir müddət keçdikdən sonra həmin müəssisəyə gedib kapasitə ölçmələri edərək qeydlərimi apardım. Daha sonra isə həmin satış mühəndisi və müəssisə rəhbəri ilə görüşdüm. Mənzərə bundan ibarət idi ki, müəssisə mövcud potensialının 43%-ni istifadə edə bilirdi. Satış mühəndisi var gücü ilə çalışsa da nəticə dəyişə bilmirdi. Onsuzda dəyişə bilməzdi. Çünki problem satış mühəndisində deyildi. Müəssisə rəhbəri isə satış həcminin 26% artırılmasını istəmişdi. Çox yaxşı və yerində bir qərar idi. Amma tutarsız qərar idi. Çünki bir nəticə əldə etmək istəyirsinizsə mütləq onu əldə etmək üçün tələb olunan hər bir şeyi təmin etdikdən sonra nəticə tələb etmə haqqına sahibsiniz. Əgər istehsalınız, satınalma gücünüz, işçi potensialınız və.s. buna imkan vermirsə bu haqda düşünməyə dəyməz. Bir çoxumuzun ortaq maraq nöqtəsi olan futboldan misal gətirəcək olsaq düşünün ki, komandada standart onbir oyunçu var. Hər birinin funksiyası, potensialı, üstün və zəif cəhətləri və.s. fərqlidir. Əgər 43% potensialla işləyən bir müəssisəsinizsə deməli üçüncü liqdə oynayan bir komanda kimisiniz. Amma reallıqda 26% artış nəzərdə tutmusunuz. Yəni birdən-birə birinci liqdə oynayan bir komanda olmağa qərar vermisiniz. Hesaba qatmadığınız çox kritik bir məqam isə bundan ibarətdir ki, əgər həqiqətən də birinci liqdə oynayan bir komanda olmaq istəyirsinizsə onda sizin bütün oyunçularınız birinci liqdə oynayan oyunçular səviyyəsində olmalıdır ki, uğur qazana bilərsiniz. Reallıqda isə təkcə bir nəfər bu kriteriyalara cavab verən oyunçunuz var o da yeni işə cəlb etdiyiniz satış mühəndisidir. Satış bir müəssisə üçün hücumçu rolunu oynayır. Sonuncu amma, kritik toxunuşu edib qol vuran adamdır. Bu adamın qol vura bilməsi üçün ona qədərki on nəfər həmin adama topu gətirib çatdıra bilməlidir ki, həmin hücumçu da qol vura bilsin. Yoxsa on nəfər bunu edə bilmirsə bir nəfərin günahı nədir bunu anlamaq asan deyil. Çünki hücumçunun vurduğu qol komandanın adının qarşısına rəqəm olaraq yazılır onun adının qarşısına deyil. Amma tam tərsi komanda məğlub olanda hücumçu işə yaramaz oyunçu hesab olunur.

Dünyanın ən yaxşı hücumçularından birisi Cristiano Ronaldodur. Onu gətirib hər hansı bir üçüncü liq komandasına cəlb edib daha sonra həmin komandadan çempionlar liqi çempionu olmasını tələb etmək nə qədər gülməlidirsə bu rəhbərin də həmin müəssisədən gözlədiyi nəticə də eyni dərəcədə gülməlidir.

Müəssisələrdə bu tip problemlər, anlaşılmazlıqlar baş verir. Çünki, işçilərin potensialları, təhsilləri və.s. bəzən təyin edilən müəssisə hədəflərinə çatacaq səviyyədə olmur. Bu halda ya yeni işçilər cəlb etmək məcburiyyətindəsiniz, ya da həmin işçiləri ixtisas yönümlü təlim, kurs, ixtisas artırma kimi metodlarla istədiyiniz səviyyəyə yüksəltməlisiniz. Digər bir probem isə bundan ibarətdir ki, mütəxəssislər bəzi hallarda öz işində müvəffəq olmadı düşüncəsi ilə müəssisə daxilində fərqli sahələrdə çalışdırılırlar. Nəticə bir çox hallarda ürək açan olmur. Yenə Ronaldo misalını gətirsək, Ronaldo sol cinah hücumçusudur. Bu oyunçunu qapıçı və ya sağ cinah yarım müdafiəçi olaraq çalışdırsanız bəlkə də dünyanın ən bərbad qapıçısından da zəif nəticə göstərəcək. Amma bu qətiyyən o demək deyil ki, Ronaldo futbol oynaya bilmir. Uğursuzluğunun səbəbi Ronaldo yox, birbaşa baş məşqiçidir. Unutmamaq lazımdır ki, bu tip kritik xəta bütün işə və işçilərə təsir edərək fəaliyyətlərin nəticəsinə çevrilir.

Seymur İlyasov

1202dəfə baxılıb.