Əgər İstehsalda 7 İSRAF Olmasa İdi

İstehsal prosesini incələdikdə, prosesi əmələ gətirən addımların hər birinin istifadə edilən, həqiqi mənada dəyər qatan addımlar olduğunu söyləmək doğru olmaz. Bu addımların yalnız müəyyən bir qismi birbaşa, son məhsulun ortaya çıxmasında mühüm rol oynayır. Yəni prosesi təşkil edən fəaliyyətləri iki hissəyə ayırmaq mümkündür: dəyər qatan və dəyər qatmayan fəaliyyətlər. İstehlakçı satın aldığı məhsula ödəniş edərkən heç vaxt dəyər qatmayan fəaliyyətlərə görə ödəniş etmir. Əgər ona desəniz ki, biz sizin istifadə etdiyiniz bu məhsulu ərsəyə gətirmək üçün əlavə olaraq bir neçə isthehsal fəaliyyətləri əlavə etdik, nə qədər müddət gözləmələr etdik, depolamalar etdik və.s. bu məlumatların heç biri onun üçün önəmli olmayacaq. Nəticə etibarilə həmin məhsulun qiymətində artım edə bilməyəcəyiniz üçün itkilərə özünüz qatlanmalı olacaqsınız. Çünki qiyməti yüksəltsəniz müştərini itirəcəksiniz. Müştəri isə həmin məhsulu başqa bir yerdən əldə edəcək. Bəs belə bir vəziyyətdə nə etməli?

Dünya təcrübəsində istehsalı təşkil edən addımlardan, məhsula birbaşa dəyər qatmayanlar israf olaraq göstərilir. Yapon dilindən MUDA olaraq bilinən bu israf (itki)ların sayı yeddidir. Birincisi ehtiyac olmadığı halda edilən istehsaldır. Məsələn: Sifariş 200 ədəd olduğu halda 500 ədəd edilən istehsal kütləsi 150% əlavə istehsaldır və israfdır.

Növbəti israf əlavə stoklardır. Çox istehsal mərkəzi və ya zavodlar “istehsal edək onsuzda satacağıq”- deyə düşünürlər. Amma bu arzu edilən hal deyil. Çünki əlinizdəki bütün vəsaitləri yalnız müəyyən sayı və növdəki məhsulların istehsalına istiqamətləndirsəniz onda yeni məhsula tələb ortaya çıxarsa sizin istehsal imkanınız olmayacaq. Yalnız tələb olunan qədər istehsal edib artıq istehsaldan çəkinmək lazımdır. Bunun səbəb olduğu böyük problem isə stokladığınız miqdar ya satılmır, ya da çox cüzi hissəsi satılır. Geri qalanı isə uzun müddət anbarda gözləyir.

Bəzən də belə bir halla qarşılaşırıq ki, məhsula tələb var, işçilik və tutum (capacity) da öz növbəsində hazırdı. Amma xammaddə və ya köməkçi xammal/material təmininin zamanında edilməməsi və tədarük prosesinin düzgün təşkil edilməməsi səbəbilə bütün istehsal xəttini gözlətmiş olursunuz. İş görə biləcək vaxt boş yerə xərcləmiş olur. Bu israf növü gözləmə adlanır.

Dördüncü addım istər hazırladığınız stok halındakı son məhsul, istərsə də tələbdən artıq işlənməkdə olan yarı məhsul yığınları, müəyyən müddət sonra istehsal sahəsində hərəkət məhdudiyyətinə səbəb olacaq. Nəticə etibarilə bu dəfə də onları başqa bir əraziyə daşımaq məcburiyyətində qalacaqsınız ki bu da əlavə daşıma zamanı və xərci deməkdir.

Beşinci israf növü iş stansiyalarındakı və ya iş stansiyaları arasında edilən əlavə gəzmələr və erqonomik xətalardır. Bunlar kifayət qədər zaman itkisidir. İş stansiyaları arasında ara stokların da olduğunu nəzərə alaraq istehsal prosesinin nə qədər uzandığını hesablamaq heç də çətin deyil.

Altıncı israf “rework” adlanan yenidən parça işləmədir. Bu hadisə daha çox ya işçinin işə yetərincə bələd olmamasından, yada dəzgah və avadanlıqdan qaynaqlanan texniki nasazlıq səbəbilə baş verir. Belə bir halın ortaya çıxması istehsal olunan xətalı məhsulların yenidən işlənməsinə gətirib çıxarır ki, bu da əlavə işçilik, enerji, material və.s. cəhətdən böyük israfa səbəb olur.

Sonuncu israf növü lazımsız dizayn işlərinin icrasıdır. Bəzən rəqib firmaların məhsullarına baxaraq öz məhsulunuzda müxtəlif düzəltmələr edirsiniz. Amma bunu texniki cəhətdən və keyfiyyət amilini nəzərə almadan etdiyinizdə həm vaxt, həm də işçilik olaraq böyük bir itki ilə qarşılaşa bilərsiniz. Amma bunların tətbiqi istehsala heç nə qazandırmır. Hər bir zavod və ya istehsal müəssisəsinin əslində rast gəldiyi amma bəlkə də diqqət etmədiyi yeddi israf növü bunlar idi. Bəs bunlar aradan qaldırılarsa qazancınız nə qədər olacaq?… Bəlkə də mövcud qazancınızın bir neçə qatları.

Seymur İlyasov

 

525dəfə baxılıb.