Artıq kosmosa 6 saata çatmaq mümkündür

İki rus və bir amerikalı astronavt Soyuz kosmik gəmisində Qazaxıstanın Baykonur Kosmodromundan havaya qalxdıqdan 6 saat sonra Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatıb. Soyuz gəmisi BKS-dəki Poisk moduluna Martın 29-da Azərbaycan vaxtıyla ilə saat 07:28-də çatıb. Bu da yeri tərk etdikdən cəmi 5 saat 45 dəqiqə sonraya təsadüf edir. Qeyd edək ki, bu uğur NASA astronavtı Kris Kessidi və rus kosmonavtları Pavel Vinoqradov və Aleksandr Misurkinə planlaşdırdıqları 5,5 aylıq missiyayını tezliklə başlamağa imkan verəcək.

BKS Yer üzərindən təxmini 400 km-lik məsafədə uçan çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiyadır. 23 ölkənin proyekti olan bu stansiya 100 milyard ABŞ dolları dəyərindədir.

Əvvəllər istər NASA-nın kosmik şatlları, istərsə də Soyuz kapsulları ilə uçan astronavt heyətlərinin BKS-yə çatması ən azı iki gün vaxt alırdı. Artıq bir neçə ildir ki, rusiyalı araşdırmaçılar kosmosa ekspres marşrutun mümkünlüyünü tədqiq edirdilər. İndiyə kimi Rusiya bu qısa yolu sınaqdan keçirtmək üçün dəqiq idarəetmə manevrləri tələb edən üç pilotsuz yük reysini göndərib. Nəticələr uğurlu olduğu üçün bu dəfə astronavtları göndərmək qərara alınıb.

“Ballistika mürəkkəb məsələdir. Hansısa səbəbdən stansiyanın orbitini nizamlaya bilmədikdə bu üsul özünü doğrultmayacaq.” deyə Novosti Kosmonavtiki rus dərgisinin eksperti İqor Lisov bildirib.

 

Bəs necə olur olur ki, astronavtlar 45 saatlıq yolu bu dəfə 6 saatdan az müddətə qət edə bilib?

Uçuşun belə tez baş tutması bir sıra səbəblərlə izah edilir. Birincisi, Soyuz kosmik gəmisi orbitə daxil olarkən kosmik stansiya ona daha yaxın olmaq üçün öz mövqeyini dəyişir.

İkincisi, fəzanın vakuum və çəkisizlik mühitində hədəfi təqib etmək onun bir tərəfinə ilişib onu itələmək qədər sadə deyil. Orbital mexanikanın dayanıqsız qaydaları – orbital cığırlar boyunca hərəkət, aparatın təqibedici hissələrində kritik kurs dəyişikliklərində vaxt dəqiqliyini tələb edir. İstənilən kosmik birləşmə üçün kritik an təqibedicinin (Soyuz kosmik gəmisinin) start meydançasının hədəfin (BKS) dairəvi orbitinin altından keçdiyi andır. Təqibedici bu anda havaya qalxdıqda və hədəfin orbital kursuna paralel olaraq yönəldildikdə hədəflə təxminən eyni orbital hamarlıqda birləşə bilir. Bu birləşməyə “Kosmik görüş” deyilir və kosmik səyyahətin ən vacib hadisəsi sayılır.

Digər bir kritik vaxt amili isə təqibedici orbitə çıxdığı zaman hədəfin ondan nə qədər irəlidə olması ilə bağlıdır. Hədəf Yer ətrafında fırlanarkən izlədiyi dairəvi cığırın istənilən nöqtəsində ola bilər, bu zaman təqibedicinin start götürməsi üçün düzgün nöqtəni seçmək zəruridir.

Rəqəmlərlə desək, kosmik stansiya Yerdən orta hesabla 360 km yüksəklikdə orbitdə fırlanır. Təqibedici kosmik gəmi isə orbitə ilk olaraq adətən 230 km hündürlükdə daxil olur. Həmin orbit daha sürətli hərəkət edir, çünki orada həm yerin cazibə qüvvəsi qismən daha çoxdur, həm də orbitin radiusu daha qısadır. Buna görə də təqibedici kosmik gəmi orbit ətrafında dövrəni daha tez başa vurur.

Amma onun orbitə daxil olma hündürlüyü çox önəmlidir. Normalda kosmik gəmi orbitə daxil olandan stansiyaya doğru 900 km/saat sürətlə hərəkət edir. Əgər o orbitə daxil olduqda stansiya ilə aralarındakı məsafə 9.000 km-dirsə “kosmik görüş” 10 saata baş verə bilər. Bəzən bu məsafə 27.000 km də ola bilər. O zaman görüş 30 saata baş verəcək.

Soyuzun bu qədər qısa vaxta stansiayaya çatmasının əsas səbəbi odur ki, həm kosmik gəminin orbitə daxil olma mövqeyi əvvəlcədən çox dəqiqliklə hesablanır, həm də stansiyanın orbit ətrafında fırlanma mövqeyi Soyuzla görüşmə üçün dəyişdirilə bilir. Beləliklə, çox incə hesabalamalardan sonra “kosmik görüş” üçün ən optimal məsafə hesablanır və kosmonavtlar hədəfi dəqiqliklə manevr etdirərək təqibedicinin nişanaalma sahəsinə salmaqla görüşü sona çatdırmış olurlar. Gələcəkdə hər bir “kosmik görüşə” görə rus, amerika və digər orbital gəmilər üçün bu qayda ilə hazırlanmış hədəf mexanizmi tələb olunacaq.

Məqalə ReutersNBC News-un məqalələrinə əsasən hazırlanıb.

Elçin İbrahimov

1696dəfə baxılıb.