Lider soyuq yox, soyuqqanlı olmalıdır.

Müəssisələrdə, təşkilatlarda və s. qurumlarda bir sıra kritik hallar baş verir ki, bu vəziyyətlər yalnız lider tərəfindən həll oluna bilər. Məhz bu həll edə bilmə bacarığı lideri digərlərindən ayıran ən əsas xüsusiyyətdir. Yoxsa digər insanlar kimi panikləmə və bunu komandada olan digər insanlara biruzə vermə əlbəttə ki şirkətin məhv olmasına, qrupun dağılmasına gətirib çıxaracaqdır. Bundan əlavə lider soyuqqanlı olmağı bacarmadıqda hisslər ortaya girəcək və ağlın idarəetmə mexanizmi hisslərə keçəcək və nəticədə səhv qərarlar verməyə, çıxılmaz yola girilməyə başlanacaqdır.

Lider, ətrafda nə qədər soyuq rüzgarlar əssə də, dostlar vəfasızlığı, düşmanların cəfasızlığı göstərsə də və tək tənha qaldığın anlarda belə öz mətanətini qorumalı, yeni alternativ variantlar axtarmalı, və yoluna dəvam etməli, qandan irindən dəryaları keçməyə əzmli və qərarlı olmalıdır. Burada da deyilən kimi, lider bir yola girdisə, o yolda irəliləməyə qərar verdisə bütün zorluqlara, çətinliklərə razı olmalı və onları həll etməyi bacarmalıdır. Walt Disney demişkən “Daima həyata optimistik baxmaq istəmişəm, lakin həyatın mürəkkəb olduğunu anlayacaq qədər realistəm”.

Lider məhz soyuqqanlığı ilə qeyri müəyyən vəziyyətlərdə standartlardan kənarlaşmaya yol verir. Yəni burada normal insanın bəlkə də bu vəziyyətdə bu qərarı verməyəci 100 faizdir. Amma lider öz uzaq görənliyi, inamı, təcrübəsi və soyuqqanlığı ilə bu addımı atır. Əgər hər vəziyyətdə standart qərarlar qəbul etsəydi onda bu liderlik yox leading (aparıcılıq) olardı. Bu da lideri idarəedicidən fərqləndirən bir cəhətdir. İstər müasir dövrdə uğur qazanmış şirkət rəhbərlərinə baxdıqda istərsə də tarixin keçmiş səhifələrini vərəqlədikcə görəcəyik ki, bu hər zaman belə olmuşdur. Bir çox döyüşlərdə ordunun artıq süquta uğradığı vaxtda liderin soyuqqanlı olaraq insanlardan fərqli qərar verməsi məğlub olmadan qalibiyyətə doğru dönüşüm baş vermişdi. Bunu Steve Jobsun timsalında Apple şirkətində həmçinin Walt Disneyin timsalında Disney şirkətində həmçinin bir çox uğur qazanmış şirkətlərdə görə bilərik, hansı ki, şirkətin ən uğursuz anında soyuqqanlılıqla davranaraq, hər kəsin şirkətin məhv olmağa getdiyini qəbul etdiyi anlarda şirkəti ayağa qaldırmağı bacarmışdılar.

“Hər şeyin sizə qarşı olduğu zamanda unutmayın ki təyyarə küləklə deyil, küləyə qarşı uçur”. Henry Ford

Lider soyuqqanlı olmalıdır, amma bu soyuqqanlılıq onun insanlarla olan münasibətinə, xasiyyətinə sirayət etməməlidir. Bir çox idarəedici insanlar düşünürlər ki, işçilərlə arada sərhəd saxlamaq, onlara zəhimli, ciddi görünmək üçün onlarla salamlaşmamaq, onlarla bir süfrədə oturmamaq işçiləri
idarəetmə üçün vacibdir. Daim işçilərə soyuq davranır və bu cür hərəkətlə şirkəti uğurlu idarəetməyi düşünürlər. Düzdür belə vəziyyətdə şirkəti bir müddət idarə etmək olar, lakin nəticədə işçilərin bir qrup halında işləməməsinə, motivasiyasının aşağı olmasına, yeni iş yerləri axtarmasına, şirkətin ən ağır günlərində ona dəsdək olmamasına gətirib çıxaracaqdır.

Henry Fordun dediyi kimi: “Siz elə insanlar görə bilərsiniz ki, onlar başqalarının çiynində gəzməyi sevir, dünyanın ona borclu olduğunu düşünür. O insanlar anlamır ki, biz birlikdə inkişaf etməli, birlikdə irəli getməliyik.

Bu stəkandakı buz kimi lider olaraq soyuq olarsınız onda bu soyuqluq bütün stəkandakı suya (şirkətinizə, və ya təşkilatınıza) sirayət edər. Suyun (şirkətdə mühitin) nə qədər isti olmasından asılı olmayaraq sizin buz halınız digərlərini də ilk əvvəl sərinləşdirəcək və sonra da soyuqlaşdıracaqdır. Sizin soyuqluq dərəcəniz neçədirsə suda (şirkətinizdə) da eyni olacaqdır. Hətta ətraf mühitdə buna uyğundursa suyun (şirkətinizin, əlinizdə olan pulların) donub buz olma halı da vardır və Siz bu donmuş buzun içərisindən çıxmanız heç də asan deyil, deyərdim ki, mümkünsüzdür. Titanik gəmisinin kapitanı da üstlərinə gələn buzun mahiyyətini tam başa düşmədi və ya ciddi yanaşmadı və nəticə tarixin yaddaşlarından silinməyən hadisə baş verdi. Tarixin yaddaşlarından silinməyəcək Steve Jobs, Bill Gates, Walt Disney, Henry Ford kimi izlər qoyun Titanik kimi yox.

Dosent. Rasim Abutalıbov

 

804dəfə baxılıb.